“Dövlət qurumlarında oturanlar artıq milləti unudublar və kənarda yaşayanlar onlar üçün millət deyil.”
Türkiyədən ökəyə geri dönmək istəyən vətəndaşlarımız günlərlə uçuşu gözlədiklərini deyirlər. Onların sözlərinə görə, Azərbaycanın qardaş ölkədəki səfirlik və konsulluq şöbələrinin qaynar xətlərinə düşmək olmur, ölkəyə qayıtmaq istəyənləri görməzdən gəlirlər. Başqa bir məlumata görə isə, çarter reysləri ilə gedənlər birbaşa Lənkəran Hava Limanına aparılır və heç kimə xəbər verilmədən ordakı karantin bölgəsinə yerləşdirilir. Türkiyədə ilişib qalan vətəndaşlarımız səfirlik və konsulluqların qaynar xətlərinin cavab verməməsindən də narahatdırlar. Qeyd edilir ki, telefon xətlərinə düşmək olmur və əlaqə yarandıqda isə müxtəlif bəhanələrlə onları yola verirlər.
“Reyslər olanda səfirlikdə kimin adamı var onları geri qaytarırlar, sadə vətəndaşları isə heç diqqətə almırlar. Harda çarter reysləri də olur birbaşa Lənkərana yönəldirlər və heç kimə də məlumat vermirlər. Bu barədə heç mediada da məlumatlar verilmir. Dövlət qurumlarında oturanlar artıq milləti unudublar və kənarda yaşayanlar onlar üçün millət deyil. Qaynar xətt də ölmüş xəttdir və nə zaman zəng edirsən, cavab vermir.” – deyə narazı vətəndaşlar bildirilər.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin xarici ölkələrdə çətin vəziyyətə düşən vətəndaşlarımızın müraciət edə biləcəyi qaynar xətti ilə əlaqə saxladıq. Ordan bildirdilər ki, çarter reysləri ilə qaytarılan şəxslərin karantin bölgəsində yerləşdirilməsi barədə məlumatlı deyillər və bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan nəsə deyə bilərlər. XİN-dən bildirdilər ki, bu gün İstanbuldan çarter reysi olmalıdır, ancaq hara gedir və necə gedir bilmirlər. Qayıda bilməyənlərin etirazlarına münasibət bildirən XİN yetkilisi isə qeyd etdi ki, vətəndaş hansı ölkədədirsə, bizim ordakı səfirliklə və baş konsulluqla əlaqə saxlayıb qeydiyyatdan keçir, nömrəsini qoyur. Əgər təyyarə olarsa vətəndaşa məlumat verilir və ondan sonra vətənə qayıdırlar.