Elçin Məmməd: “Baş vermiş seçki cinayətinin məqsədi YAP-ın namizədini qutudan qalib çıxartmaq sifarişini yerinə yetirməkdir”
42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa sabiq namizəd, hüquq müdafiəçisi Elçin Məmməd səsvermənin nəticələri ilə bağlı Ali Məhkəməyə şikayət edib. Bu barədə “Yukselis.info”-ya verdiyi açıqlamada Elçin Məmməd seçki şikayətlərinin araşdırlması ilə məşğul olan orqanların qanunsuzluğa yol verdiyini deyib. Onun sözlərinə görə, səsvermə prosesində baş vermiş çoxsaylı saxtalaşdırma halları, namizədlərə və müşahidəçilərə təzyiqlərlə bağlı faktlara nə Mərkəzi Seçki Komissiyası, nə də məhkəmə tərəfindən obyektiv qiymət verilməyib:
“Mən Mərkəzi Seçki Komissiyasına ünvanladığım məktubda da qeyd etmişəm ki, 9 fevralda Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt 2-ci seçki dairəsi üzrə məntəqələrdə xeyli qanun pozuntusuna yol verilib. Səsvermə günü “karusel” əməliyyatından istifadə edilib, seçki qutularına topa bülletenlər atılıb, səslərin sayılması zamanı hazır bülletenlər əlavə edilib, müşahidəçilərin fəaliyyətinə maneçilik törədilib. Nəticədə, Seçki Məcəlləsinin tələbləri pozulub ki, bu da həmin dairə üzrə nəticələrin ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 159, 159-1, 160, 161-ci maddələri ilə cinayət işi açılmalı və təqsirkar şəxslər qanun qarşısında cəzalandırılmalıdır. Həmçinin, 18, 26, 11, 34, 7, 15, 30, 24, 25 saylı seçki məntəqələrində baş vermiş qanun pozuntuları oradakı müşahidəçilər tərəfindən qeydə alınaraq aktlaşdırılıb.”
Elçin Məmməd qeyd edib ki, səsvermə başa çatdıqdan sonra protokollar dərhal tərtib edilməyib və onların surəti müşahidəçilərə təqdim edilməyib. Heç bir məntəqədə məntəqə seçki komissiyalarının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılmayıb. Hüquq müdafiəçisi hesab edir ki, bütün bunlar 42 saylı Sumqayıt 2-ci seçki dairəsi üzrə seçkilərin şəffaf və qanunun tələblərinə uyğun keçirilmədiyini deməyə əsas verir, Seçki Məcəlləsinin kobud şəkildə pozulmasıdır və ölkəmizin də qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının tələblərinə ziddir:
“42 saylı DSK şikayətim üzrə araşdırma aparılarkən və qərarın qəbulunda iştirakımı təmin etməyib. Çünki gətirəcəyim arqumentlər qarşısında aciz qalacaqlarına əmin olublar. DSK qeyd edir ki, guya mənim komissiyanın iclasında iştirakımı təmin etmək üçün dəfələrlə əlaqə saxlayıblar, ancaq cəhdləri faydasız olub. Bu təmamilə yalandır və DSK tərəfindən hər hansı zəng və əlaqə cəhdləri olmayıb. DSK araşdırma zamanı təqdim olunmuş 13 ədəd videogörüntünün guya 42 saylı dairənin ərazisində çəkilmədiyini, başqa seçki dairəsinə aid olduğunu, digər videolarda isə hər hansı qanun pozuntusunun aşkar edilmədiyini bildirib. DSK-nın məktubunda saxtalaşdırma faktlarını ört-basdır etmək üçün həmin videoların harada çəkildiyini müəyyən etməyin mümkün olmadığı göstərilir. Halbuki, mən və səsvermənin nəticəsinə etiraz edən digər namizəd həmkarlarım həmin videogörüntülərin çəkilşində birbaşa iştirak etmişik və pozuntu hallarının hansı məntəqələrdə baş verdiyi açıq görünür. Sadəcə olaraq, DSK-nın bu cinayəti yalan adlandırmaqda məqsədi YAP-ın namizədini qutudan qalib çıxartmaq sifarişini yerinə yetirməkdən ibarət olub. DSK-nın saxtakarlığı mənim müraciətimə baxılması tarixindən də açıq görünür. Müraciətə DSK-nın 17 fevral 2020-ci il tarixli iclasında baxılmalı olduğu halda, mənə cavab məktubu fevarlın 16-da göndərilib. Deməli, bu tarixə qədər də “araşdırma” aparıblar. Bu isə müraciətimə səhlənkar və qeyri-obyektib baxıldığını deməyə əsas verir.”
Hüquq müdafiəçisi onu da bildirib ki, baş vermiş qanun pozuntuları ilə bağlı şikayəti qismən təmin olunub və iki seçki məntəqəsində nəticələr ləğv edilib. Namizədin sözlərinə görə, Mərkəzi Seçki Komissiyası iddianı təmin etməməklə faktiki olaraq, saxtakarlığa bəraət qazandırıb və ona görə də bu qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib. Hakim Fərmayıl Zeynallı mart 6-da şikayətə baxaraq onu mümkün hesab etməyib. Məhkəmə guya qanunvericiliklə müəyyən edilmiş vaxtda müraciət etmədiyini əsas gətirib:
“Halbuki, mən 3 gün ərzində şikayət vermişəm. Ona görə də Ali Məhkəməyə müraciət etməyi qərara aldım. Əgər kassasiya şikayətim təmin olumazsa, o halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəm. Çünki 42 saylı seçki dairəsində seçkilərin tam saxtalaşdırıldığına və mən də daxil olmaqla digər namizədlərin hüquqularının pozulduğuna əminəm. Bu həm də yalnız namizədlərin deyil, seçicilərin hüquqularının tapdanması deməkdir. Ona görə də baş seçki cinayətinin araşdırılması üçün mübarizəmi hüquqi müstəvidə axıra qədər davam etdirəcəm”.