Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu ilə bağlı Nizami rayon Məhkəməsinin həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilib.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, şikayəti martın 25-də Nizami rayon Məhkəməsinin dəftərxanasına təqdim etsə də qəbul etməyiblər.
“Bu səbəbdən şikayəti Mərkəzi Poçt vasitəsi ilə göndərdim. Biz apellyasiya şikayətimizdə Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirnin ləğv olunmasını, onun məhkəmə zalında dərhal azadlığa buraxılmasını, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (Fikri ifadə etmək azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə nəzərdə tutulan hüquqlarının pozulmasının tanınmasını, istintaqı aparan müstəntiq və hakim barədə xüsusi qərar çıxarılmasını tələb edirik,” vəkil qeyd edib.
Tofiq Yaqublu martın 22-də saxlanılıb və martın 23-də Bakının Nizami rayon Məhkəməsi onun barəsində təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.