Elçin Məmməd: “Prokurorluq əməkdaşının öldürülməsi ilə bağlı məlumatların Türkiyənin mediasında müzakirəyə çıxarılması bu ölkənin hüquq-mühafizə orqanlarını daha real mövqe tutmağa vadar edəcək”
Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mərhum əməkdaşı Emin Hüseynovun ölüm işi Türkiyə mətbuatının da diqqətini cəlb edib. Kanal D, Habertürk, “Hürriyet”, “Sözçü”, “Sabah”, “Yeniçağ”, DHA, İHA kimi nüfuzlu media qurumları E.Hüseynovun dünyasını dəyişməsinin səbəbini araşdırarkən zəhərlənmə faktını xüsusi vurğulayıb.
“Emin Hüseynovun 2017-ci il avqustun 18-də Antalyanın Lara turizm bölgəsindəki otelin idman zalında qəflətən halı pisləşib və dünyasını dəyişib. Mərhumun atası Bəybala Hüseynov oğlunun zəhərlənərək öldürüldüyünü qeyd edir. Bəybala Hüseynov Türkiyə mətbuatına açıqlamasında meyitin yarılmadığını, hüquq-mühafizə orqanlarına xəbər verilmədən cənazənin Azərbaycana göndərildiyini bildirib. Onun fikrincə, bu hadisə oğlunun zəhərlənməsi ilə bağlı şübhələri artırır.
Araşdırma zamanı hadisənin günahkarlarını müəyyən etmək mümkün olmadığı, üç ilə yaxın olan istintaq prosesinin səmərəli aparılmadığı məlum olub. Emin Hüseynovun atası Bəybala Hüseynov, Türkiyənin bu mövzunu həll etmələri üçün oğlunun zəhərlənərək öldürüldüyü mövzusunda bir çox dəlili Antalya prokurorluğuna təqdim edib. Lakin bu günə qədər istintaqın gedişində irəliləyişlər yoxdur.
Mərhumun atası nümayəndəsi Elçin Məmməd vasitəsi ilə həm Antaliyada, həm də Azərbaycanda məhkəmə orqanlarına müraciət etdiklərini bildirən Hüseynov, oğlunun aparıldığı xəstəxanada qanında yüksək miqdarda aşkarlanmış prokaltsionun zəhərlənməyə səbəb olduğunu öyrəndiyini söyləyib.
Türkiyədəki prokurorların Azərbaycan ədliyyə orqanları ilə əməkdaşlıq edərək cinayətin üstünün açıla biləcəyini söyləyən Bəybala Hüseynov prokurorluq da daxil olmaqla bir çox şəxs və qurumlara müraciət etməsinə baxmayaraq bu müraciətlərin heç bir nəticə verməməsini deyib.
Oğlunun planlaşdırmadığı halda bir yaxta gəzintisinə çıxarıldığını, bu gəzintinin kim tərəfindən və nə şəkildə təşkil edildiyinin bildirilmədiyi, Türkiyə və Azərbaycanda olan şəxslərin dindirilməsi ilə sonuç nəticənin əldə edilə bilinəcəyini ifadə edən Bəybala Hüseynov, oğlunun qan testini gizlədən həkimlərin də istintaqa cəlb olunması ilə günahkar şəxslərin məlum olacağını düşünür.” – deyə Türkiyə mediası yazır.
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Elçin Məmmədin sözlərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları baş vermiş cinayət əməli ilə bağlı məlumatların Azərbaycan mediasında yayılmasının qarşısını təzyiq yolu lə almağa çalışır. Lakin indi Türkiyə mətbuatının bu məsələyə diqqət ayrıması Azərbaycan tərəfinin gizlətməyə çalışdığı həqiqətlərin ortaya çıxmasına səbəb olacaq:
“Türkiyə mediası azaddır və Azərbaycan Baş Prokurorluğunun senzura dairəsindən kənardır. Ona görə də inanrırıq ki, Baş Prokuror Zakir Qaralov Türkiyə mediasını təhdidlə susdura bilməyəcək. Əksinə Emin Hüseynovun zəhərlənərək öldürülməsi ilə bağlı məlumatların Türkiyənin kütləvi informasiya vasitələrində müzakirəyə çıxarılması bu ölkənin hüquq-mühafizə orqanlarını daha real mövqe tutmağa vadar edəcək”.
Xatırladaq ki, Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Emin Hüseynov 2017-ci ilin avqust ayında növbəti məzuniyyəti müddətində Antalya şəhərində istirahət zamanı müəmmalı şəkildə dünyasını dəyişib. Məlum olub ki, mərhum ona kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişib. Baş vermiş hadisə əlaqədar Türkiyədə cinayət işi açılıb və istintaq davam edir.