Elçin Məmmədin hüquqlarını qoruduğu şəxslər onun müdafiəsi üçün məhkəməyə müraciət etdi.
Hazırda həbsdə olan “Sumqayıt Gəncləri Hüququ Marifləndirilməsi” ictimai birliyinin prezidenti , hüquq müdafiəçisi Elçin Məmmədin hüquqlarını qoruduğu şəxslər onun işinə baxan hakimə müraciət etdilər.Sənəddə deyilir ki, Elçin Məmməd uzun illərdirki yüzlərlə insana hüquqi yardımlar etmiş və əksəriyyəti uğurla nəticələnmişdir. Xeyli sayda vətəndaşları məhkəmədə müdafiə etmişdir.
Otuz nəfərin imzaladığı müraciət Sumqayıt şəhər məhkəməsinin hakimi Pərviz Hacıyevə göndərilib. Müraciət edən şəxslər hüquq müdafiəçisinin vəziyyəti ilə bağlı yaranmış vəziyyətdən narahatdırlar və hesab edirlər ki , məhkəmənin ədaləti nəticəsində həqiqətlər ortaya çıxacaqdır. Bunlar Elçin Məmmədə qarşı ittihamlara inanmırlar və cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan şəxsin belə bir cinayətin törətməsini inandırıcı görmürlər.
Müraciəti imzalayan şəxslər qeyd edirlər ki, Elçin Məmmədin həbsdə qalmağı hüquqi yardım göstərdiyi şəxslərin vəziyyətini pisləşdirəcək və onları müdafiəsiz qoyacaqdır. Ərizəçilər inanırlar ki , hakim həmin cinayət işinə baxarkən ədalət və humanizm prinsiplərini həmçinin Elçin Məmmədin cəmiyyətdəki nüfuzunu nəzərə alacaqdır.
Qeyd edək ki , hüquq müdafiəçisi bu ilin martında həbs edilib və ona qarşı Sumqayıt şəhər polis idarəsi tərəfindən cinayət işi açılıb. Hazırda həbsdə olan Elçin Məmmədə qarşı cinayət məcəlləsinin 177.2.4 (oğurluq) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçisinə qarşı qaldırılmış cinayət işinə Sumqayıt şəhər məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baxılır. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və hesab edir ki , bütün bunlar hüquq müdafiəçisi kimi onun dəfələrlə yaydığı tənqidi hesabatlara, korrupsiya faktlarına qarşı adekvat cavabdır. Onun sözlərinə görə cinayət işi üzrə maddi sübutlar kimi rəhbərlik etdiyi QHT-nin ofisindən çıxan əşyalar isə öncədən yerləşdirilib.
O, məhkəmənin ədalətli qərar çıxaracağına inanır və ümüd edir ki, ölkə konstitusiyasının 127-ci maddəsi rəhbər tutularaq ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri nəzərə alınacaq. AMİNİST İNTERNATİONAL və digər beynalxaq təşkilatlar Elçin Məmmədin həbsinə etiraz edir, onun azad olunması üçün hökumətə müraciət ediblər. Yerli hüquq müdafiəçiləri də onun müdafiəsinə qalxıblar və Elçin Məmmədin azad olunması üçün səy göstərirlər.
Xatırladaq ki, Elçin Məmməd uzun müddətdirki, hüquq müdafiəsi və media sahəsində fəaliyyət göstərir. Eyni zamanda baş ofisi Belçikada yerləşən Beynəlxalq İnsan Haqqları Müdafiəsi Asossasiyasının prezidentidir. Hüquq müdafiəçisi bu il Azərbaycanda keçirilmiş növbədən kənar parlament seçkilərində deputatlığa naziməd olub və seçki dairəsi üzrə favorit hesab edilib. Elçin Məmməd 20 ildən çoxdur ki , hüququn müxtəlif sahələri üzrə yüzlərcə insana yardımlar edib. O, müxtəlif kateqoriyalı işlərlə bağlı və əskəriyyəti də uğurla nəticələnmiş xeyli sayda vətəndaşların nümayəndəsi kimi birbaşa məhkəmədə müdafiə edib. Həbs olunana qədər də hüquqi xidmətlərini davam etdirib və bu sahədə marifləndirmə işlərini həyata keçirib.