Vəkil : ” Elçin Məmmədin mənzilində axtarış aparılması barədə qərar olsa da onun məhz ofisdə icra edilməsi şüphələri artırıb”.
Sentyabrın 25-də hüquq müdafiəçisi, QHT rəhbəri Elçin Məmmədin məhkəmə prosesi keçirilib.Ona qarşı açılan cinayət işinə Sumqayıt şəhər məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə baxılıb.Vəkil Fariz Namazlı QHT rəhbərinin hüquqlarını müdafiə edir.Həmin gün Elçin Məmmədin ofisində axtarış aparan Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi Haxverdi Zeynalov və polis əməkdaşı Elcan İsmayılbəyli ifadə verib.Lakin dəfələrlə çağırılmasına baxmayaraq 1-ci polis bölməsinin rəisi Azər Əhmədov məhkəmə prosesində iştirak etməyib.
Haxverdi Zeynalov ifadəsində deyib ki, axtarış aparacaqları ofisin açarlarını götürmək üçün Elçin Məmmədin yaşadığı mənzilə onunla birgə gediblər.Sonra ofisdə axtarış aparılıb və özü Azər Əhmədovla birgə birbaşa prosesdə iştirak ediblər.Lakin Elçin Məmmədin mənzilində də axtarış aparılması barədə məhkəmə qərarı olsa da mənzildə axtarış aparılmayıb.Polis zabiti bunun səbəbini izah edə bilməyib. O, ifadəsində bildirib ki, elə ilk yaxınlaşdığı dolabda göy qovluqların arasından bükülü formada qızıl əşyalarını “müəyyən ediblər”.Daha sonra digər dolabın siyirməsindən patronları “aşkar ediblər”.Onun ifadəsindən belə çıxır ki , ofisdə tapılan əşyaların yeri öncədən onlara məlum olub.Haxverdi Zeynalov da ifadəsində qeyd edib ki , tapılan əşyalarla bağlı yerində ekspert tərəfindən barmaq izləri götürülməyib.
Şahid kimi ifadə verən polis əməkdaşı Elcan İsmayılbəyli bildirib ki , onlara Elçin Məmmədin idarəyə gətirilməsi barədə göstəriş verilib və əməliyyatçılarla birgə onu mənzildən götürüblər.O qeyd edib ki , vəzifəsi Elçin Məmmədi qorumaq olub və axtarış aparılan zaman ofisdə də onun mühafizəsini təşkil edib.Ancaq polis əməkdaşı hüquq müdafiəçisini kimdən və niyə qoruduğunu izah edə bilməyib.O da ifadəsində bildirib ki , axtarış aparan şəxs elə ilk yaxınlaşdığı dolabdan qızıl əşyalarını götürüb.
Məhkəmə prosesində vəkil Fariz Namazlı vəsatədlərlə çıxış edib.Vəkilin ilkin vəsadəti Elçin Məmmədin keçən ilin sonlarında ölümlə hədələnməsilə bağlı 1-ci polis bölməsində aparılan 2477 saylı yoxlama materialını məhkəməyə təqdim edilməsi ilə bağlı olub.Vəkil vəsatədini onunla əsaslandırıb ki, Elçin Məmməd fəaliyyətilə bağlı dəfələrlə hədələnib və sonuncu dəfə baş prokurorluğa müraciət edib.Şikayət baxılması üçün 1-ci polis bölməsinə göndərilib. Baş tədqiqatçı Ruslan Vəliyevin qərarı ilə bu ilin yanvarında cinayət işinin başlanması rədd edilib. Bu barədə də Fariz iş üzrə həmin bölmədə olanda bilib.
Vəkilin sözlərinə görə şikayətə başdansovdu baxılıb.Lakin bu iş üzrə Aysel Mustafayevanın şikayəti əsasında bir gün ərzində cinayət işi başlanılıb.Bu halı da Elçin Məmməd özünə qarşı ayrıseçkilik kimi qiymətləndirir.Ona görə də vəkil həmin iş üzrə toplanmış materialın tədqiq edilməsi üçün tələb edilməsini zəruri hesab edib. Qeyd edək ki, elə həmin bölmənin rəisi Azər Əhmədov hazırki iş üzrə hüquq müdafiəçisinin ofisində axrarış aparılmasında birbaşa iştirak edib. Hakim Pərviz Hacıyev vəsatədi təmin etməyib.
Vəkil növbəti vəsatədində göstərib ki, cinayət işi üzrə ibtidai araşdırmanı həyata keçirən müstəntiq Rafiq Qənbərov da məhkəmədə ifadə verməlidir.Belə ki, hüquq müdafiəçisinin ofisində axtarış aparılması zərurəti yalnız şikayətçinin oğurlandığı iddia edilən qızıl zinyət əşyaları ilə bağlı olub. Lakin qızıl əşyaları tapılandan sonra axtarış davam edib və sonra patronlar “tapılıb”. Buna baxmayaraq mənzildə axtarış aparılmayıb, halbuki, ofislə bərabər Elçin Məmmədin yaşadığı mənzildə də axtarışın aparılması barədə məhkəmə qərarı olub. Şübhə yaranır ki, ofisdə nələrin olacağı barədə müstəntiqdə də məlumat olub və hüquq müdafiəçisinin həbs edilməsi üçün həmin əşyalar kifayət edib. Həmçinin cinayət predmetlərinin mənzildən çıxmayacağı bəlli olub və axtarış aparılmayıb.Vəkil hesab edir ki, bütün bunlara müstəntiq məhkəmədə aydınlıq gətirməlidir. Prokuror Tural Nəbiyev vəsatədə etiraz etsə də hakim vəsatədi təmin edib.
Növbəti məhkəmə prosesi oktyabrın 7-də 1-ci polis bölməsinin rəisi Azər Əhmədov və müstəntiq Rafiq Qənbərovun ifadəsilə davam etdiriləcək.
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” ictimai birliyinin mətbuat xidməti