Elçin Məmmədin ittiham olunduğu maddələrlə alternativ cəzalar nəzərdə tutulsa da həbsdə saxlanılması ona qarşı qərəzin və diskriminasiyanın nəticəsidir.
Oktyabrın 14-də hüquq müdafiəçisi, QHT rəhbəri Elçin Məmmədə hökm oxunub. Sumqayıt şəhər məhkəməsinin hakimi Pərviz Hacıyevin sədirliyilə keçirilmiş prosesdə hüquq müdafiəçisi 4 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, Elçin Məmmədə qarşı cinayət məcəlləsinin oğurluq (177.2.4) və qanunsuz silah saxlama (228.1) maddələrilə cinayət işi açılıb. Onun rəhbərlik etdiyi QHT-nin ofisində axtarış aparılıb və ordan qızıl əşyaları, həmçinin 9 ədəd tapança patronu “tapılıb”. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və hesab edir ki, ofisdə tapılan əşyalar ora qabaqcadan yerləşdirilib. Bu həmin ofisin icarədarının birbaşa iştirakilə baş verib. Çünki ofisin açarlarının bir nüxsəsi icarədarda da olub və həmin şəxs məhkəmədə də bildirib ki, ayda bir dəfə ofisə gələrək işıq sayğacının göstəricilərini işıqçıya verib. Ancaq maraqlıdır ki, bu barədə Elçin Məmmədə məlumat verməyib.
Elçin Məmmədin təqsirli bilindiyi maddələrin sanksiyalarında alternativ cəzalar olsa da ona ağır hökm verilib. Belə ki, cinayət məcəlləsinin 177.2.4-cü maddəsində 1 ildən 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, 228.1-ci maddəsində isə 2 ilədək müddətə islah işləri və ya 1 ildən 3 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da mövcuddur. Ona görə də yüngül cəza növü tətbiq etməklə cəzanın məqsədinə nail olmaq mümkün idi. Hüquq müdafiəçisi hesab edir ki, 4 illik həbs cəzası ona qarşı qərəzin və diskriminasiyanın nəticəsidir. Elçin Məmməd məhkəmənin hökmündən apellyasiya şikayəti verib.
Xatırladaq ki, hüquq müdafiəçisi bu ilin mart ayında bir qadının saxta şikayəti əsasında həbs edilib. Həmin şəxs onu qızıl oğurluğunda ittiham edib və ofisdə axtarış zamanı guya əlavə olaraq silah patronları da tapılıb. Elçin Məmməd hesab edir ki, bütün bunlar onun hüquq müdafiəçisi kimi fəaliyyətilə bağlıdır, və Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı yaydığı tənqidi hesabatlara və sosial şəbəkələrdəki yazılarına görə adekvat cavabdır. O buna görə dəfələrlə polisə çağrılıb və sonuncu dəfə Sumqayıt şəhər prokuroru tərəfindən rəsmi xəbərdarlıq alıb.
Elçin Məmməd ötən ilin sonlarında ölümlə hədələnib, həyatına təhlükə olması barədə baş prokurorluğa şikayət edib. Prokurorluq məsələnin araşdırılması üçün polisə müraciət etsə də cinayət işinin başlanması rədd edilib. Buna baxmayaraq elə həmin polis bölməsi bu ilin martında saxta şikayət əsasında Elçin Məmməd barədə toplanan materialları istintaq şöbəsinə göndərib. Hüquq müdafiəçisi hədələndiyi barədə etdiyi müraciətlə bağlı polis bölməsinin mənfi qərarından məhkəməyə şikayət edib. Ona da hazırki cinayət işi üzrə Elçin Məmmədə hökm çıxaran hakim Pərviz Hacıyev baxır.
Amnesty international, PEN təşkilatı və digər beynəlxalq qurumlar hüquq müdafiəçisinin həbsdən azad olunması üçün ölkə rəhbərinə müraciət ediblər. Yerli hüquq müdafiəçiləri və media qurumları da Elçin Məmmədin azadlığa buraxılması üçün səy göstərirlər.
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” ictimai birliyinin mətbuat xidməti.